ABRAU-DURSO ŞIRKƏTLƏR QRUPU AZƏRBAYCANDA ŞƏRAB İSTEHSALI ZAVODUNU ALIR

"Abrau-Durso" şirkətlər qrupunun törəmə müəssisəsi olan "AzAbrau" MMC-nin Azərbaycanın Şəki rayonunda ildə 2,6 milyon şüşə gücündə "Şəki Şərab" şərab zavodunun alınması üçün özəlləşdirmə müsabiqəsinin qalibi olub. Müsabiqə komissiyasının təsdiqlədiyi investisiya proqramına əsasən "Abrau-Durso" şirkəti müəssisənin inkişafına 2 334 000 avrodan çox sərmayə qoyacaq.

 

 

Şərab zavodunun yerləşdiyi Şəki rayonu Gürcüstan və Azərbaycan ərazisində olan Qafqaz silsiləsinin cənub ətəyi boyu uzanan məşhur Alazan vadisində yerləşir. Zavodun istehsal gücü ildə 2,6 milyon şüşə şərab istehsal etməyə imkan verir. Müəssisə 2008-ci ildə açılıb, müasir Avropa avadanlıqları ilə təchiz olunub.

 

 

Azərbaycanın məşhur şərabçılıq regionunda "Abrau-Durso" ŞQ elit, eləcə də desert üzüm şərabları istehsal etməyi planlaşdırır. Ən yaxın perspektiv plan öz üzüm bağlarının salınmasıdır. Tarixən bu bölgədə yetişən qədim yerli "mədrəsə" və "bayanşirə" növləri xüsusi maraq doğurur.

 

 

Hazırda Azərbaycanda istehsalın genişləndirilməsi üçün kifayət qədər xammal var. Ölkə rəhbərliyi yerli şərabın beynəlxalq bazara çıxmasında maraqlıdır və şərab istehsalçılarına hərtərəfli dəstək göstərir. Azərbaycanın şərabçılığın inkişafı üzrə dövlət proqramının icrası 2025-ci ilə qədər yerli şərab ixracının beş dəfə artırılmasını nəzərdə tutur.

 

 

"Abrau-Durso" şirkətlər qrupu "Şəki Şərab ASC"-də istehsal olunan şərabları ilk növbədə Rusiyaya ixrac etməyi planlaşdırır. Həmçinin, Azərbaycanın Türkiyə ilə preferensial ticarət haqqında sazişi sayəsində bu ölkəyə tədarük imkanları açılır.

 

 

"Bu, bizim üçün coğrafiyanın genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının həyata keçirilməsi istiqamətində növbəti vacib addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Alazan vadisinin heyrətamiz terruarı bütün dünyada məşhurdur. Burada üzümçülüyün inkişafına unikal mülayim iqlim kömək edir. Azərbaycana şaxtanın daxil olmasına Qafqaz dağları mane olur. İsti, lakin quraq olmayan yay isə üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsusluğu və unikal dadı ilə fərqlənir. Biz burada istehsal olunan şərabların ixrac potensialında böyük perspektivlər görürük”, - deyə "Abrau-Durso" ŞQ-nun prezidenti Pavel Titov bildirib.